İstanbulda CASCA+ çərçivəsində növbəti görüş keçirilib

İstanbulda “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları idarələri rəhbərlərinin növbəti görüşü keçirilib.

Marşrutun operatorları adından “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyer”in nümayəndələri hesabatla çıxış edib. Bildirilib ki, “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılan CASCA + multimodal nəqliyyat marşrutu ilə Özbəkistandan Türkiyəyə yükdaşımalar 33 faiz, Türkmənistandan Qara dəniz limanlarına 54 faiz, Türkiyədən Türkmənistana 38 faiz, Gürcüstanla Özbəkistan arasında isə 3 dəfədən çox artıb.

Yükdaşımaların həcminin artırılması və marşruta əlavə yüklərin cəlb edilməsi məqsədilə “ADY Konteyner” (Azərbaycan) və “TULM” (Türkmənistan) Xəzər dənizində fider daşımalarının optimallaşdırılması istiqamətində konkret təkliflə çıxış ediblər.

Toplantıda həmçinin CASCA + multimodal nəqliyyat marşrutunun internet səhifəsinin istifadəyə verildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ilk dəfə olaraq operatorlar vahid brend altında Özbəkistanda təşkil edilən 18-ci Beynəlxalq Nəqliyyat Sərgisi – «TransLogistica Uzbekistan 2022»-də iştirak ediblər. Sərgidə yük sahibləri ilə keçirilən görüşlərin nəticəsi uğurlu olub. Belə ki, dekabrın 19-da  ilk dəfə olaraq CASCA+ çərçivəsində Özbəkistandan Avropaya 91 konteynerdən ibarət blok qatar yola salınıb.

Bildirilib ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların  optimallaşdırılmasını təmin edəcək  rəqəmsal onlayn platforma hazırlanaraq istifadəyə verilib. Platforma 2023-cü ildən iştirakçı ölkələr tərəfindən tətbiq edilməyə başlayacaq. Bu platforma yüklərin çatdırılma müddətinin qısaldılmasına, konteynerlərin izlənilməsinə və əlavə yüklərin cəlb edilməsinə imkan yaradacaq. Layihədən  operatorlarla yanaşı, yük sahibləri  də yararlana biləcək.